İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, məktubun bir surəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib.
Məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.
Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan D.Şuter, Azərbaycanın suveren ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri adlandırır. O, bu ədalətsizliyin yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam etdiyini ürək ağrısı ilə vurğulayır.
Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqların törədildiyini qeyd edən D.Şuter, bu səpkidə Xocalı qətliamını diqqətə çatdırır. O qeyd edir ki, yüzlərlə uşaq, qadın və yaşlıların qətlə yetirildiyi bu qətliam müharibə və münaqişələrin mülki şəxslərə vurduğu böyük ziyanların bariz göstəricisidir.
Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin indiyədək yerinə yetirilməməsinin təəsüf doğurduğunu qeyd edən D.Şuter, bu münaqişənin bu gün Cənubi Qafqazdakı təhlükəsizliyə ən böyük hədə təşkil etdiyini vurğulayır.
Sonda mülki əhalinin hədəfə alınmasını tamamilə qəbuledilməz olduğunu vurğulayan D.Şuter, balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pislədiyini bildirərək, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənləri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirləri görməyə çağırır.