Azərbaycan prezidenti İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə Səhmdar Cəmiyyətin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
 
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Sərəncama əsasən, Cəmiyyətdə müşahidə şurası və idarə heyəti yaradılır. Müşahidə şurasının və idarə heyəti sədrlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
 
Cəmiyyətə tapşırılıb ki, dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49 faizinin fond birjasında digər investorlara təklif edilməsi və bununla əlaqədar olaraq zəruri sənədlərin, o cümlədən emissiya prospektinin hazırlanması üçün tədbirlər görsün,səhmlərinin investorlara təqdim edilməsindən əldə olunan vəsaitin Cəmiyyətin nizamnamə kapitalının 49 faizi həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin etsin.