Azərbaycan dünyada multikulturalizm və müxtəlif millət, eləcə də, dini cərəyanlara qarşı tolerant münasibətin hökm sürdüyü ölkə kimi tanınır. Burada hər hansı bir obyektin əməkdaşlarının qeyri-peşəkarlığı nəticəsində yaranan münaqişələr nadir hallarda baş verir.
Unikal.org 1news.az-a istinadən xəbər verir ki, hadisə bu günlərdə "28 Mall ticarət mərkəzində yerləşən "ZARA mağazasında baş verib və böyük ictimai rezonans doğurub.
Hadisənin şahidlərindən biri Azərbaycan vətəndaşı Jalə Salmanova bu barədə "Facebook səhifəsində məlumat yayıb: "Bu gün (8 iyul) "ZARAda alış veriş zamanı xoşagəlməz hadisə ilə qarşılaşdım. Həmişəki kimi, kassada növbə idi. Növbədə çadralı ərəb-turist xanım da dayanmışdı. Uşağı ilə dayanan xanımın əlində bir yığın mal var idi (yeri gəlmişkən, məhz bu ərəblərin sayəsində siz - mağazalar, restoranlar bir neçə ildir ki, öz ticarətinizi davam etdirə bilirsiniz). Kassir-oğlan nümayişkarcasına ondan sonrakı alıcılara xidmət edərək, həmin xanıma xidmət etmirdi. Qadının səbri tükəndi və o, ingilis dilində nəyə görə xidmət göstərilmədiyinin səbəbini soruşdu. Kassir ona məhəl qoymamağa davam etdi. Qadın əlindəki bütün malları qoyaraq, təhqir olunmuş kimi kassadan uzaqlaşdı.
Alıcıların iradına kassir İŞİD, İslam, terror aktları haqqında danışıb, sonda isə "Ərəblərə nifrət edirəm dedi.
1news.az agentliyi şərh üçün "28 Mall ticarət mərkəzində yerləşən "ZARA mağazasına müraciət etsə də, cavab almayıb.
O zaman sayt birbaşa Jalə Salmanovaya müraciət edib.
"Hər vaxtınız xeyir. Əməkdaş işdən çıxarılıb. Mən mağazanın rəhbərliyi ilə danışmışam, onlar üzr istədilər və lazımi tədbirləri gördüklərini bildirdilər, - J.Salmanova "Facebook Messengerdə ismarışa cavab yazıb.
Daha öncə J.Salmanova sosial şəbəkə vasitəsilə mağazanın nümayəndəsi Zaur İsmayılovdan cavab almışdı. Cavabda o, günahını etiraf edən mağaza əməkdaşının yolverilməz davranışına görə üzr istəyib.