Yeni Azərbaycan Partiyası bəzi media orqanlarında növbəti prezident seçkiləri ərəfəsində xarici dövlətlərdən bəzi təzyiqlərin olacağı ilə bağlı proqnozlar səsləndirilməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, apa-ya müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu fikri Azərbaycandakı bəzi rusiyapərəst şəxslər yayır.

"Onlar bununla Rusiyanın bu məsələdə mövqeyini şişirtmək istəyirlər. Azərbaycan xalqı prezidentini özü seçir. Kənardan müdaxilələr qaldı 90-cı illərin əvvəlində. O vaxt Arif Hacılı deyirdi ki, İsa Qəmbərin seçilməsi 8 ölkə ilə razılaşdırılıb. Azərbaycan xalqı öz rəhbərini seçəndə heç kimlə razılaşdırmır, bu faktdır. Bu cür "proqnozları" isə Azərbaycanda olan, keçmişdən qalan rusiyapərəstlər, bu ölkənin kəşfiyyatına xidmət edən insanlar, eyni zamanda bu gün Rusiyada biznesi olan bəziləri dövriyyəyə buraxır. Vaxtı ilə Azərbaycanda vəzifədə olub indi gedib Rusiyaya sığınan bəziləri belə şeyi yazdırıb özlərini şişirtmək istəyir, ürək bulandırırlar. Ola bilsin ki, onun Moskvada Kremldə kiminləsə "salam-əleykümü var. Amma Rusiyanın mövqeyi Kreml rəhbərinin mövqeyidir, onun da Azərbaycanla bağlı mövqeyi yüksək münasibətlərə əsaslanır. Bunun nəticəsidir ki, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlər çox yüksək səviyyədədir. Azərbaycanda güclü, stabil təhlükəsizliyi olan dövlətin, güclü şəxsiyyətin olması çoxlarının xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan xalqı, dövləti dünyaya sübut edib ki, güclü dövlətçiliyi və güclü lideri var. Beynəlxalq arenalarda Azərbaycan öz müstəqil sözünü deyir, Azərbaycan prezidenti xalqın maraqlarını çəkinmədən dünyaya çatdırır. Nəinki Azərbaycan xalqının, bütövlükdə türk dünyasının, bəzi hallarda müsəlman dünyasının mövqeyini ortaya qoyur. İslam Həmrəyliyi ili, İslam oyunları buna misaldır.
Təbii ki, seçki ilində ənənəvi olaraq, Azərbaycanın təbii sərvətlərindən maksimum güzəştlə yararlanmaq istəyən dövlətlər, güzəştli şəkildə öz işlərini görmək istəyən qlobal şirkətlər, Azərbaycanın güclənməsini istəməyənlər bəzi cəhdlər edəcəklər. Bunlardan bəziləri Avropa Parlamentinin, Avropa Şurası Parlament Assamnleyasının, ATƏT-in ələ aldıqları üzvləri vasitəsi ilə, başqa bəzi yollarla təzyiq göstərməyə cəhd edəcəklər. Lakin Azərbaycanda güclü dövlət, güclü lider, xalqla iqtidar arasında güclü birlik var. Ona görə də bunlar cəhd olaraq qalacaq".

Cənab Novruzov Rusiya-Azərbaycan münasibətlərinin pozulması ilə bağlı yayılan informasilara da münasibət bildirib:

"Rusiyanın Azərbaycanla münasibətləri çox yüksək səviyyədə qurulub. Azərbaycan heç vaxt Rusiyanın əleyhinə olan hansısa kampaniyada iştirak etməyib. Bakı həmişə Moskva ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub, bunu da hər dəfə əməli ilə sübut edib. Əfsus ki, orada erməni mənşəli məmurlar, həm də Azərbaycanın özündən olan bəzi şəxslər bu münasibətlərdən narahatdırlar. Rusiyadakı o erməni mənşəlilərin bəziləri vaxtı ilə Azərbaycanda yaşayıblar, sonradan ora köçüb orda yaşamağa başlayıblar. Rusiyanın mətbuatında və digər sahələrinə də erməni mənşəlilər yerləşib. Hətta onların televiziya kanallarındakı bəzi verilişlərə müxtəlif ad altında hər dəfə erməni mənşəli qonaqları çıxarıb danışdırırlar. Yaxud da televiziyalardakı aparıcıların bəzisi erməni mənşəlidir.Mütəmadi olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini pozucu məqsədlə müzakirəyə çıxarırlar. Əsas məqsədləri də Rusiya əhalisinin mövqeyini Azərbaycan qarşı mənfi məcraya yönəltməkdir. Amma rus xalqı görür ki, Azərbaycan həmişə bu ölkəyə dəstək verir. Rusiya blokadada olanda Azərbaycan yeganə ölkələrdən biri idi ki, onun ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal oldu. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında başda cənab prezident olmaqla Azərbaycan bunun aradan qalxması üçün töhfələrini verdi. Hansı ki, bu, tək Rusiya-Türkiyə məsələsi deyildi, elə Rusiya-NATO məsələsi demək idi. O cümlədən İran-Rusiya münasibətlərində, ABŞ-Rusiya münasibətlərində də Azərbaycan fəaldır. Bu ölkələrin Rusiya rəsmiləri ilə görüşlərinin dəfələrlə Bakıda təşkil olunması buna misaldır. Rusiyadakı erməni mənşəli məmurlar təbii ki, bundan narahatdır. Məsələn, Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər erməni mənşəli şəxs var. Mən araşdırma aparmışam, Rusiyanın səfirliklərinin böyük əksəriyyətində səfirin ya müşaviri, ya katiblərindən biri ermənidir."