Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərdən birinin mühasib otağındakı seyfdən 52319 ABŞ dolları, 2652 manat və 930 avro məbləğində pul oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) müraciət daxil olub.
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi (BCAİ) və Sumqayıt ŞPİ-nin əməkdaşlarının iştirakı ilə dərhal yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov tərəfindən törədildiyi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar.
Bildirək ki, MMC-dəki seyfdə külli miqdarda pul olması barədə digər dəstə üzvlərinə həmin obyektin yaxınlığında yaşayan A.Cavadov məlumat verib. Digər 2 nəfəri öz avtomobili ilə həmin obyektin yaxınlığına gətirən A.Cavadov onlara oğurluq edəcəkləri ofisə haradan daxil olmalı olduqlarını da söyləyib.
Araşdırma zamanı məlum olub ki, Q.Əliyev və R.İbrahimov obyektə üzlərində maska, əllərində əlcəklə giriblər. Onlar mühasibin otağındakı seyfin qıfılını özləri ilə gətirdikləri xüsusi alətlərlə qıraraq, qeyd edilən miqdarda pulu götürüb hadisə yerindən uzaqlaşıblar.
Dəstə üzvləri MMC-dən oğurluq edərkən obyektin təhlükəsizlik kameralarının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar. Onların yaxınlıqdakı su kanalına atdıqları yaddaş blokunun yeri müəyyən edilib və tapılaraq maddi sübut kimi götürülüb.
Dəstə üzvlərindən A.Cavadov və Q.Əliyevin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb: həmin şəxslərin Yasamal rayonu ərazisində yerləşən iki ofisdən ümumilikdə 5691 ABŞ dolları, 4000 avro, 3850 manat pul və noutbuk oğurladıqları da məlum olub.
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.