Bundan əvvəl Azərbaycanda avtomobil benzinin qiymətləri 2013-cü il dekabrın əvvəlində orta hesabla 30% artmışdı.
Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.
Unikal.org xəbər verir ki, Tarif Şurasının çıxardığı qərara əsasən, Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib.
Əvvəllər bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib.
Bəs Tarif Şurası hansı səbəblərdən benzin qiymətinin artımına qərar verib?
- ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması;
- ekoloji mühitin yaxşılaşdırılması;
- artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi;
- neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi;
- ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər;
- artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması;
- benzin ixracından xarici valyuta gəlirlərinin azalması.
Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.