İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Nazirlikdən unikal.org-a bildirilib ki, mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilmiş və həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunmuş qaydada nümunələr götürülüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində:

-"AER Company Qrup MMC-nin istehsal etdiyi "Çudo şokoladlı, "AER plombir şokoladlı, "AER plombir vanilli, "Yasif plombir və "Melisa;

- "Band Milk MMC-nin istehsal etdiyi "Nostalji plombir, "Briket-krem brule və vafli stəkanda olan qaymaqlı-şokoladlı;

- fiziki şəxs Sərngül Yusubovanın istehsal etdiyi "Bakinskiy privet plombir, "Meqapolis şokoladlı plombir, "Cappuçino qəhvəyi, "Matryoşka plombir, "Selena şokoladlı plombir, "Panda südlü, "Meçta şokoladlı plombir, "Arktika şokoladlı plombir, "Tanqo şokoladlı və "Tanqo cemli;

- fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi "Mono Quality badamlı, "Bakı gecələri plombir, "Armada, "Eskimo Yoloçka, "Yeni şəhər plombir;

- "S.A.B.A. Şirkəti MMC-nin istehsal etdiyi "İçəri şəhər qəhvəyi, "İçəri şəhər qəhvəli, "Pristij çiyələkli, "Pristij qozlu, "Əsl plombir;

- "A.Y.S-60 MMC-nin istehsal etdiyi "Südlü klassik və "A-klass dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Eyni zamanda, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "AER Company Qrup MMC-yə məxsus "Çudo şokoladlı, "AER plombir şokoladlı və "AER plombir vanilli, habelə fiziki şəxs Sərngül Yusubovaya məxsus "Bakinskiy privet plombir, "Meqapolis şokoladlı plombir, "Cappuçino qəhvəyi, "Matryoşka plombir, "Selena şokoladlı plombir və "Panda südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar "AER Company Qrup MMC,"Band Milk MMC, "S.A.B.A. Şirkəti MMC, "A.Y.S-60 MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

İstehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.

Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.