Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Unikal.org-un məlumatına görə, prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev qeyd edib ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir.
"Biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük, - deyə o vurğulayıb.
Dövlət başçısı bu baxımdan qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirildiyini deyən prezident İlham Əliyev qardaş və qonşu ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirib.
İyulun 19-da ölkəmizdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşə toxunan prezident İlham Əliyev bunun yaxşı əməkdaşlıq formatı olduğunu vurğulayaraq bu formatın üçtərəfli əlaqələr və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
R. Meredov isə bunu deyib: "İlk növbədə icazə verin qardaşınız, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından səmimi salamları və dərin ehtiramı sizə çatdırım. Mən Bakıya gələrkən o bildirdi ki, Türkmənistan ilə Azərbaycan arasında əlaqələr bu gün fəal şəkildə yüksələn xətlə inkişaf edir və bu inkişaf dinamikası ilk növbədə iki dövlət başçısı arasında mövcud olan açıq, səmimi və dostluq xarakteri daşıyan siyasi təmaslara əsaslanır.
R. Meredov qeyd edib ki, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşləri və təmasları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi işinə güclü təkan verir: "Bu münasibətlər siyasi, diplomatik dəyərləndirmə baxımından nümunəvi xarakter daşıyır. O, vurğulayıb ki, əlaqələrimizin gündəliyində duran məsələlər həm ikitərəfli münasibətlər baxımından, həm də regional və qlobal baxımdan aktualdır.
Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
14:45
Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici İşlər naziri Rəşid Meredovu qəbul edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.