Azərbaycan Beynəlxalq Bankı (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların bu gün keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.
Bankın Mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94,1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93,9%-i planın lehinə səs verib. "Banklar haqqında" qanuna əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.
Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. dollar məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanıb, lakin ödənilməmiş faizlər ödəniləcək.
Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.
Maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bunları bildirib: "Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır".
MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bildirib ki, bankın öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu ölkəmizin bank-maliyyə sektorunun inkişafı üçün çox mühüm addımdır: "Palata əmindir ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizin maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək".
ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov isə deyib: "Bu gün Azərbaycan Beynəlxalq Bankı üçün mühüm tarixi gündür. Birgə səylərimiz bankın uzunmüddətli dayanıqlığını təmin edəcək. Könüllü restrukturizasiya qərarı Bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım idi. Biz bununla bankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq. Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək".
Restrukturizasiya planı hüquqi qüvvəyə mindikdən sonra hər bir kreditor informasiya memorandumunda təsvir edildiyi şəkildə nağd vəsait və/və ya yeni qiymətli kağızlar (və ya yeni qiymətli kağızların satılmasından əldə olunan nağd vəsait) alacaq.
Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.