Hazırda Vergilər Nazirliyində "2017-2019-cu illərdə Azərbaycan Respublikasının vergi orqanlarında insan resurslarının inkişafı Strategiyası" hazırlanır. Strategiyanın əsas missiyası potensiallı kadrları vergi orqanlarına cəlb etmək və saxlamaq, onların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə etməklə dövlət vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasından ibarətdir.
Unikal.org xəbər verir ki, bunu Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov bildirib.
Onun sözlərinə görə, yeni sənəd vergilər sistemində kadr islahatları sahəsində mühüm addım olacaq:
"Strategiyanın uğurla icrası nəticəsində vergi orqanlarına kadrların seçimində, əməkdaşların vəzifədə irəliləməsində və ya yerdəyişməsində vergi orqanlarının spesifik tələbləri və kadrların fərdi göstəriciləri, yəni bilik, bacarıq və təcrübələri nəzərə alınacaq, vergi orqanlarında insan resurslarının inkişafına yatırılan investisiyanın yüksək səviyyədə geriyə dönüşü təmin ediləcək, insan resurslarının idarə edilməsi institutları - işə qəbul, vəzifədə irəliləmə, təlim, fəaliyyətin qiymətləndirilməsi, rotasiya və digərləri qarşılıqlı şəkildə sıx əlaqələndiriləcək, əməkdaşların motivasiyası və özünüinkişafa həvəsi artırılacaq və insan resurslarının idarə edilməsi sahəsində mövcud hüquqi aktlar sistemləşdiriləcək.
Hazırda Vergilər Nazirliyinin insan resursları strategiyasının qarşısında duran əsas prioritetlərə kadrların seçilməsi və yerləşdirilməsində vergi orqanlarının spesifik xüsusiyyətlərinin, cari və perspektiv hədəflərinin nəzərə alınması, rəhbər vəzifələrə kadrların daha planlı və sistemli hazırlanması, vəzifə tutan şəxslərin idarəetmə sahəsində bacarıqlarının artırılması, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinin daha obyektiv, hərtərəfli və nəticəyönümlü aparılması, vergi orqanları əməkdaşlarının təliminin onların fərdi karyera inkişafı ilə birbaşa əlaqələndirilməsi, effektiv həvəsləndirmə sistemi qurmaqla peşəkar kadrların vergi orqanlarına cəlb edilməsi və saxlanılması daxildir".