Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə B.Süleymanovanın keçmiş əri Elmar Paşayev ifadə verib.
O deyib ki, B.Süleymanovla birgə nikahı dövründə kafe alaraq işlədib: "Mən əvvəllər də bizneslə məşğul olmuşam. İşimi Bənövşənin qazancı ilə qurmamışam. Onun puluna ehtiyacım olmayıb. Tələbə vaxtından həm oxuyub, həm işləmişəm.
B.Süleymanova isə deyib ki, əri yalan danışır: "Mən vətəndaşlardan aldığım pulları Elmara verirdim. O da həmin pulların hesabına kafelər alıb, bu yolla varlanıb. Elmar məni əxlaqsızlıq yuvalarına aparırdı. Məsələn, dəfələrlə Əhmədli qəsəbəsindəki "Maral otelə getmişik. Kişi də arvadını elə əxlaqsız yerlərə aparar? Həmin oteldə bizim qeydiyyatımız da var.
E.Paşayev də arvadının yalan danışdığını deyib: "Onu heç vaxt otellərə aparmamışam. Sadəcə dəniz kənarına getmişik, burda da pis bir şey yoxdur.
Bənövşə Süleymanova deyib ki, ağlı başında olsa da, əri onu dəlixanaya saldırıb: "Mən Maştağada olanda Elmar məni boşadı, məni dəli kimi qələmə verib uşaqlarımı da öz himayəsinə götürdü. Elmar mənə deyirdi ki, "vəzifəli şəxslərin adından istifadə elə, pul al, amma mənim adımı çəkmə. Mən də pulu alıb ona verirdim. Dəlixanada olanda bildim ki, adamlar məndən şikayət ediblər. Valideynlərimə zəng edib dedim ki, dəli deyiləm, məni burdan çıxarın, şikayətçilərə pulu Elmara verdiyimi deyim. Elmar məndən istifadə edib.
Məhkəmə prosesi iyulun 27-də davam etdiriləcək.
Qeyd edək ki, B.Süleymanova bir neçə şəxsdən pul alaraq onları işə düzəldəcəyini vəd verib.