Zərdab rayon sakini, iş adamı İntiqam Ağalarov Zərdab rayon Yol Polis Şöbəsinin rəisi Rəşad Xəlilov tərəfindən döyülüb.


Unikal.org xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İ.Ağalarov gecə saat 1 radələrində evinə gələrkən maşını saxlanılıb. Ona şöbəyə getməsi, şəxsən R.Xəlilovun onunla söhbəti olduğu deyilib. Sahibkar getmək istəməyəndə qoluna qandal vurulub təzyiqlə şöbəyə aparılıb. Orada şöbənin əməkdaşları tərəfindən möhkəm döyülüb. İddiaya görə, şöbədə ondan xeyli miqdarda rüşvət tələb olunub.

İ.Ağalarov AzNews.az-a açıqlamasında faktı qismən təsdiqləyib və Zərdab Rayon Yol Polis Şöbəsinin rəisi Rəşad Xəlilovun bu əməllərindən aidiyyəti orqanlara şikayət etdiyini: "Bu saat Zərdab Rayon Polis Şöbəsindən çıxmışam. Ona hər şeyi bildirdim. Mənə qarşı qanunsuzluq və dələduzluq edən polis əməkdaşlarını cəzalandırmasını istədim. Heç kəsdən qorxmuram, gözləmə mövqeyindəyəm. Bu gün məsələ ilə bağlı Zərdab rayon Polis Şöbəsinin rəisi ilə görüşdüm. Prezidentin sahibkarlarla bağlı sərəncamı var və biz onu daima xatırladırıq. Mən qanuna əməl edən vətəndaşam. Yol qaydasını da pozmamışam. Mənə saxla əmri verildi, mən də maşını kənara çəkib dayandım. Bildirdilər ki, sizi rəis Rəşad Xəlilov görmək istəyir. Gecdir deyə etiraz etdim. Apardılar şöbəyə, orada sözümüz düz gəlmədi. Aramızda söz-söhbət yarandı və məsələ elə də qalmaqdadır".

İ.Ağalarov məsələ ilə bağlı ölkə prezidentinə, Daxili İşlər naziri və Baş prokurora teleqrama vurduğunu deyib. 

Qeyd edək ki, bir müddət əvvəl də Zərdabda iş adamına qarşı polis təzyiqinin olması barədə məlumat yayılmışdı.