"Aleksandr Lapşinin müraciətinə o zaman baxıla bilər ki, onun barəsində hökm qüvvəyə minsin.
Unikal.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov deyib.
A. Lapşinin İsrailin Azərbaycandakı səfirliyinə bu ölkəyə təhvil verilməsi üçün müraciətinə münasibət bildirən F. Qurbanov bildirib ki, məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr, normalar əsasında bu məsələyə baxıla bilər: "Qanunvericiliyə uyğun olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan istifadə edə bilər.
Qeyd edək ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini istədiyini deyib.
A. Lapşin barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verməkdən imtina edib.
Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
A. Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.