Bu gün səhər saatlarında Sumqayıt şəhərində baş verən yanğın zamanı 2 polis əməkdaşı tüstüdən zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadrat metr olan mənzildə baş verən yanğın zamanı hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilən Sumqayış ŞPİ-nin PPXT-nun əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar.
Polislər alovun içində arasında huşlarını itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi - Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas ediblər.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib.