Unikal.org "Azərbaycan" qəzetinin Bakının piknik problemi ilə bağlı hazırladığı materialı təqdim edir:
Yaşıllıq, bir neçə skamya, kiçik süni göllər, əyləncələr üçün müxtəlif vasitələr...
Qərb ölkələrində parkların demək olar ki, əksəriyyəti bu cür qurulur. Parkların ərazisinin böyük hissəsini qazon, ağaclar və dekorativ gül kolları təşkil edir. İnsanların öz istirahətlərini mənalı və yaddaqalan keçirmələri üçün həftəsonları buraya gələrək yaşıl örtük üzərində süfrə açıb "piknik" keçirmələrinə də imkan yaradılır. Bəzi ölkələrdə ümumiyyətlə, parkların bir hissəsi məxsusi olaraq "piknik" üçün ayrılır, insanların harada "bardaş qurub" otura biləcəyi xüsusi lövhələrdə göstərilir.
"Piknik" məqsədli şəkildə seçilmiş gözəl görünüşü olan yerdə, misal üçün bir çayın və ya gölün yanında süfrə açmağa deyilir. Ailə üzvləri, dostlar, sevgililər və ya həmkarlarla təşkil olunan "piknik" yalnız nahar etmək deyil, həm də sosial fenomendir. Ünsiyyət, dostluq, şadlanma və paylaşma üçün yaxşı imkan və firavanlıq əlamətidir.
"Piknik"lər necə yarandı?
"Piknik"in tarixi varlı zadəganların ov və bağ süfrələrinə, eləcə də banketlərinə qədər gedib çıxır. Bu sözün ilk dəfə yazıda işlədilməsi XVII əsrin sonlarında Avropada təsadüf edilir. Fransız sözü olsa da, ilk dəfə "piknik" ingilis zadəganları tərəfindən təşkil edilib. Meşədə uğurlu ov edən ingilis zadəgan təntənəli mərasim təşkil etmək qərarına gəlir. Açıq havada süfrə açılır və aristokratlar bu sürprizi çox maraqla qarşılayırlar. Bununla da, İngiltərədə "piknik" mədəniyyəti formalaşmağa başlayır.
Bir qədər sonra Londonda "piknik" üçün qaydalar müəyyən edən xüsusi şirkət də yaradılır. XIX əsrin əvvəllərindən başlayaraq digər Qərb ölkələrinə, eləcə də Amerika və Avstraliyaya üz tutan ingilis mühacirlər bu mədəniyyətin yayılmasına səbəb olurlar. Beləcə, bütün dünyada "piknik" etmək maraqlı istirahətə, sevimli əyləncəyə çevrilir.
Dünya dövlətlərinin "piknik" mədəniyyəti
Avropanın bütün ölkələrində geniş yayılmış "piknik" mədəniyyəti hər kəsdə xoş ovqat yaradır. İngiltərədə yerləşən "Hyde Park", "Green Park", "James Park", "Regent Park" və digər istirahət zonalarında günəşli günlərdə görünən mənzərə hər kəsi heyran edə bilər. Ən çox ziyarət olunan park "Hyde Park"dır. Burada yüzillik ağaclar, göllər və hektarlarla yaşıl örtüklər mövcuddur. İnsanlar göldə qayıqlarla gəzir, velosiped və ya at sürür, ağacların kölgəsində oturub kitab oxuyur və ailəlikcə "piknik" edirlər.
Bu ənənənin mükəmməl formalaşdığı Norveçdə isə insanların istirahətlərini maraqlı, əyləncəli keçirmələri üçün hər zaman yeniliklər edilir. Vətəndaşların uzaq məsafə qət etmədən yaşadıqları ərazilərə yaxın yerlərdə "piknik" təşkil etmələri üçün yeni yaşıllıqlar salınır. Hökumət 2023-cü ilə kimi "piknik"lər üçün yeni 250 məkan yaradılması barədə qərar verib. Bunun üçün isə dövlət 425 milyon dollar vəsait sərf edəcək. Bu məkanların heç biri görünüşcə digərinə bənzəməyəcək. Hər bir məkan unikallığı ilə seçiləcək.
Avstriyada, dünya mədəniyyətinin paytaxtı hesab olunan Vyanada da olduqca maraqlı "piknik" təşkil edilir. 2 milyon insanın yaşadığı Vyanadakı Donau çayının sahilində yerləşən "Donauştadbrüke" metro stansiyası ərazisindəki parklar nəinki həftəsonu, hətta günün istənilən zamanında sakinlərin istirahətlərini rahat şəkildə keçirmələri üçün müxtəlif təchizatlarla təmin olunub. Kabab bişirmək və ya "piknik" etmək üçün daş manqaldan tutmuş səliqəli skamyalara, hətta ayaqyolu və duşa qədər hər şey burada ödənişsizdir. Həmçinin meşədə elektrik enerjisindən istifadə üçün şitlər də quraşdırılıb.
"Piknik" təşkil etməyi sevənlər arasında amerikalılar çox fərqlənirlər. Təkcə bir misal çəkək: Nyu Yorkun mərkəzi parkında insanlar özləri ilə yemək götürüb ot və çəmənliklərdə istirahət edirlər. "Böyük çəmənlik" (Great Lawn) yazılan ərazidə isə maraqlı istirahət etmək olur. Kiçik şəhərlərdə, hətta uşaq meydançalarının yanında da xüsusi istirahət yerləri təşkil olunur.
Qardaş Türkiyədə də "piknik" mədəniyyəti yüksək səviyyədədir. İstanbul başda olmaqla, böyük şəhərlərdə belə sahələrin sayı olduqca çoxdur. Az qala şəhərin hər bölgəsində bir "piknik" yeri mövcuddur. Üstəgəl, "piknik" yerlərinin yaxınlığında kiçik çaylar, göllər üstünlük təşkil edir. Bu sahə üçün ayrılmış məkanların girişində isə manqal, samovar, eləcə də qab-qacaq dəstləri kirayə verilir. Çünki hamı "piknik" üçün tam hazırlıqlı olmur. Yerli bələdiyyələrin nəzarətində olan bu məkanlar hər gün təmizlənir, zəhərli böcəklərin, həşəratların məskən salmaması üçün zaman-zaman dezinfeksiya olunur. Bunun üçün "piknik"ə gələnlərdən az miqdarda vəsait alınır.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda turizm sektorunun inkişafı üçün atılan addımlar, dövlət dəstəyi, bu sahədə fəaliyyət göstərən iş adamlarını yeni ideyalar və innovasiyalar tətbiq etməyə həvəsləndirir. Nəticədə istirahət həvəskarlarına daha sərfəli xidmətlər təklif edilir. Ölkəmiz Şərqlə Qərbin qovşağında yerləşən müasir infrastrukturu və qədim zəngin tarixi abidələri olan paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə və milli parklara malik regionları ilə məşhurdur. Təsadüfi deyil ki, Bakı şəhəri Azərbaycanın qlobal turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir. Digər hissə isə regional turizmin payına düşür.
Bəs, nədən turizmin əsas növlərindən sayılan "piknik" üçün Bakı şəhərinin ərazisində xüsusi məkanlar ayrılmayıb? Bunun üçün geniş imkanları olan paytaxtımızda təəssüf ki, "piknik"ə qadağalar qoyulub. Paytaxt əhalisi və ya buraya gələn turist "piknik" təşkil etmək üçün ya ən yaxın məsafə kimi Qobustana, ya da Xızıya üz tutmalıdır. Əhalinin böyük hissəsinin məhz paytaxtda çalışdığını nəzərə alsaq, onların işdən sonra belə məkanlarda "piknik" təşkil etməsi daha əlverişli olmazdımı?
Artıq yay fəslinə qədəm qoymuşuq. Havalar isti olduğundan insanlar istirahət günlərini, həftəsonlarını daha səmərəli keçirmək istəyirlər. Paytaxtda insanların bir qismi dincəlmək və əylənmək üçün dəniz kənarına gedirlər. Bakıda "piknik" zonaları olmadığından bir qisim insan bölgələrə üz tutur. Əgər paytaxtda xüsusi "piknik" əraziləri olsaydı, sakinlər alternativ istirahət məkanından yararlana bilərdilər.
Heydər Əliyev Mərkəzinin parkında mükəmməl istirahət nümunəsi
Parklar insanlararası sosiallaşma üçün ideal məkanlardan hesab edilir. Çünki belə ictimai yerlərdə insanlar kollektiv şəkildə dincələ, müxtəlif idman oyunları və "piknik"lər təşkil edə bilərlər. Hətta parklar bir çox ölkələrdə şagird və tələbələr tərəfindən dərs oxumaq üçün də münasib yer kimi qəbul edilir. Xüsusilə də yaz-yay aylarında parklarda çox sayda insan dincəlir.
Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Bu, təqdirəlayiq və hər kəs tərəfindən bəyənilən işdir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın. Ancaq belə yerlərdə nəinki "piknik" etməyə, insanların çəmənliklərdən istifadəsinə belə müəyyən əngəllər yaradılır. Digər ölkələrdə çəmənliklər "piknik"lər üçün insanların istifadəsinə verildiyi halda, Azərbaycanda yasaqlar mövcuddur. Belə ki, qazon ərazilərin üzərində heç bir fəaliyyətə icazə verilmir. Bunun səbəbi kimi isə iqlim şəraiti və parklara çəkilən qazonun tez sıradan çıxması göstərilir. "Piknik" sahələrinin yaradılması üçün isə bulvar ərazisindən, ya da şəhər daxilindəki bağlardan istifadə etmək olmaz. Bundan ötrü müəyyən qədər şəhərətrafı ərazi lazımdır. Şəhərətrafı ərazilərdə isə demək olar ki, artıq boş yer yoxdur...
Təbii ki, parklara çəkilən qazonlar qulluq tələb edir. Səlahiyyət sahiblərinin sözlərinə görə, sonradan yaradılmış çəmənliklərin üstünə çıxdıqda, o sahə tapdalandıqda əzilir, saralır və quruyur. Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var?! Bəs, necə olur ki, müasir Bakının simvollarından biri hesab edilən, şəhərin ən müasir memarlıq tikilisi sayılan Heydər Əliyev Mərkəzinin ərazisindəki ot örtüyündə insanlar rahat şəkildə istirahət edir və yaşıllığa heç bir zərər dəymir. Demək, digər parklarda da bu imkanı yaratmaq mümkündür.
Qazonlara gəldikdə isə hər hansı qadağalar olmadan da onları qorumaq olar. Üzərinə çıxmaq, uzanmaq, qaçmaq mümkün olan xüsusi ot növləri var. Avropa şəhərlərinin parklarında artıq çoxdan idman qazonlarından istifadə olunur. Bu qazonlar adilərindən ağırlığa dözümlülüyü və uzun illər istismar müddəti ilə seçilir. Bir çox meqapolis şəhərlərdə sakinlər və turistlər istədikləri yerdəki otluqda gəzə bilirlər.
Bütün bunlar bir daha təsdiqləyir ki, parklarımızda mövcud şəraitin daha da yaxşılaşdırılması və qadağaların ortadan qaldırılması mümkündür. Bakının coğrafi mövqeyi "piknik" zonalarının salınması üçün olduqca əlverişlidir və bu böyük vəsait tələb etmir. Xarici ölkələrin praktikasına əsaslansaq, demək olar ki, "piknik" zonalarında istirahət üçün yüksək məbləğdə pul tələb edilmir. Ödəniləcək pul da ərazinin təmizliyi üçün istifadə edilir. Bu, insanlararası sosiallaşmaya müsbət təsir göstərər və paytaxt sakinləri həftəsonu şəhərdən kənara çıxmadan "piknik" istəklərini reallaşdıra bilərlər.
Sahibkarlar təşəbbüs göstərir
Bu məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Qurumun Şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir bildirdi ki, istənilən yaşayış məntəqəsinin ərazisində "piknik" üçün yerlər ayrılmır. "Piknik" sahələri ərazi planlaşdırma sənədlərinə əsasən baş plan və ya müfəssəl plan üzrə rekreasiya ərazisində nəzərdə tutulur: "Baş plan işlənilərkən ərazi zonaları müəyyənləşdirilir. Həmin ərazi zonaları Azərbaycanın Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə müəyyən edilmiş qaydalar əsasında ayrılır. Bunlar 12 zonadan ibarətdir: yaşayış zonası, ictimai işgüzar zona, rekreasiya zonası, istehsalat, nəqliyyat infrastrukturu zonası, mühəndis infrastrukturu zonası, kənd təsərrüfatı zonası, xüsusi təyinatlı zona, hərbi və digər təyinatlı zonalar, xüsusi şərtlərlə istifadə olunan ərazilər, xüsusi qorunan ərazilər və ehtiyat zonalar".
Fəxri Aydəmirin sözlərinə görə, baş planın rekreasiya ərazisində əhalinin istirahətinin təşkili, bağlar, parklar, xiyabanlar, meşə parkları, su tutarları, landşaft memarlığı obyektləri, digər turizm istirahət-sağlamlıq yerlərinin təşkili nəzərdə tutulur. Demək, "piknik" sahələrinin yaradılması nəzərdə tutularsa, bu, mütləq rekreasiya zonasında həyata keçirilməlidir.
Mütəxəssis deyir ki, belə sahələri hüquqi və fiziki şəxslər, yerli icra orqanları yaratmalıdırlar. Onlar ərazinin baş planına baxmalıdırlar və belə istirahət sahələri üçün yerlər ayırmalıdırlar. Daha sonra həmin yerdə "piknik" üçün müvafiq infrastruktur yarada bilərlər: "Belə yerləri şəhər ərazisindəki parklarda yaratmaq mümkün deyil. Bu cür parklar mədəni istirahət yerləridir. Təbii ki, heç bir parkda gedib tonqal qalayıb, samovar qaynatmaq olmaz. Bütün hallarda Bakıətrafı ərazilərdə və digər rayonlarda belə "piknik" sahələrini təşkil etmək olar. Sadəcə olaraq paytaxtda belə yerlərin olmamasının səbəbi konkret təşəbbüslərin göstərilməməsidir. İş adamlarının əksəriyyəti yalnız bina tikmək istəyir. Başa düşmürlər ki, binadan da səmərəli biznes layihələri var".
Bakı şəhəri ərazisində qazon sahələrə daxil olmağa qadağaya gəldikdə isə F.Aydəmir dedi: "Əgər qazon tapdalanıb sıradan çıxırsa, zəhmət çəkib onu yenidən bərpa etməlidirlər. Əgər o ərazi rekreasiya üçün hansısa bir hüquqi şəxsə verilibsə, həmin ərazinin sanitar vəziyyətinə nəzarəti, oranın daim təmiz saxlanmasını təmin etməlidir. Belə ot sahələrinin üzərində gəzməyi, yaxud əyləşməyi qadağan etməyin heç bir hüquqi əsası yoxdur".
Dövlət "piknik" sahəsini təşviq edir, özəl sektor isə...
Turizm sektorunun inkişafı Azərbaycan üçün prioritet hesab olunan sahələrdən biridir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bu sahənin daha da inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib. Sənədə görə mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir.
2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin açılacağı proqnozlaşdırılır. Bu tədbirlərin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb edir.
Bəs, görəsən Strateji Yol Xəritəsində yeni "piknik" sahələrinin yaradılması ilə bağlı hansı planlar mövcuddur?
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, bu gün Azərbaycan turizmi inkişaf mərhələsinə çatıb və artıq bu sektorda yeni xidmətlər təqdim edilir. Turizmlə əlaqədar qarşıya qoyulan əsas tapşırıq ondan ibarətdir ki, turizm ənənələrini daha da inkişaf etdirək və ən yaxşı şəkildə, çoxçeşidli bir məkanda turistlərə xidmət edək. Vüqar Şixəmmədov deyir ki, Strateji Yol Xəritəsində qeyd olunan məsələlər xüsusi tapşırıq kimi qarşıya qoyulub. Bu seqmentlərdən biri də "piknik" sahələridir: "Odur ki, turizmin bu növünü də həm regionlarda, həm də Bakı şəhərində təqdim etməliyik. Bu məsələni müəyyən dövlət-özəl tərəfdaşlığı halında layihələndirə bilərik. Gələcəkdə Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələyə birlikdə baxacaqdır".
Şöbə müdiri deyir ki, ilkin olaraq bir neçə sahibkara "piknik" üçün xüsusi ərazilər ayrılıb. Yəni artıq ölkəmizdə belə addımlar atılır. Qobustan rayonundakı istirahət mərkəzlərinin birində insanlar müəyyən ödəniş etməklə hazır "piknik" yerlərindən maksimum faydalana bilirlər. Sahibkarlar da bu məsələdə maraqlı olmalıdırlar. Böyük əraziyə malik olan sahibkarlar bu imkanlardan yararlana bilərlər. Çünki onların mənsub olduqları ərazi nə meşə, nə də qoruq sahəsidir. Belə "piknik" sahələrinin təşkil edilməsi ümumi işin ziyanına olmaz. Bu tendensiya getdikcə daha da genişlənir: "Biz nazirlik olaraq bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə layihələrimizi və təkliflərimizi hazırlayırıq. Strateji Yol Xəritəsində "piknik"lərlə bağlı konkret məsələlər olmasa da, qarşıya qoyulan ümumi tədbirlər və turizmin müxtəlif növlərinin yaradılması çərçivəsində bu işləri həyata keçirəcəyik".
Ümid edirik ki, yaxın gələcəkdə paytaxt sakinləri və turistlər bu imkandan istənilən şəkildə yararlana biləcək və "piknik" sahələrinin sayı getdikcə çoxalacaq.