Bir ay öncə 3, 5 və 7 yaşında olan 3 uşağını qoyaraq evdən qaçan Xəyalə Kərimova başına gələnləri "Xəzər Xəbər"ə danışıb.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, Xəyalə Kərimova hətta evdən çıxmazdan əvvəl anasına uşaqları internat evinə yerləşdirmək üçün etibarnamə də vermişdi.
İki il öncə rəsmi şəkildə boşandığını deyən Xəyalə Kərimova anasının təkidi ilə yenidən keçmiş həyat yoldaşı ilə barışdırıldığını deyir. Ancaq içki düşkünü olduğunu dediyi keçmiş əri ilə münasibətləri yenidən gərginləşdiyinə görə evdən qaçaraq Bakıya gəldiyini bildirir.
Xəyalə Kərimova Bakıda bir nəfər şəxsin evində qaldığını və onunla münasibətdə olduğunu da etiraf edir. Mediada axtarışda olduğunu və uşaqlarının sahibsiz qaldığını eşidən Xəyalə Kərimova indi uşaqlarını sığınacaqdan götürmək istəyir.
Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağının koordinatoru Vasif Akifli isə bildirir ki, Xəyalə Kərimova faktiki olaraq uşaqları özündən kənarlaşdırmaq üçün anasına onları internat məktəbinə yerləşdirməklə bağlı sənəd verib. Buna görə də onlar uşaqları anasına vermək fikrində deyillər.
Hadisənin ən duyğulandırıcı məqamı isə odur ki, Sığınacaq Mərkəzində qaldıqları müddətdə Türkanə, Sara bacıları və Ağadadaş nə atasının, nə anasının, nə də nənəsinin adını çəkib. Bu isə onu göstərir ki, 3 uşaq yaşadıqları müddətdə valideyn və ailə qayğısının nə olduğunu hiss etməyiblər. Daha doğrusu, bunu onlara hiss etdirən olmayıb. Elə buna görə də azyaşlı uşaqlar üçün indi özlərini xoşbəxt saydıqları yeganə yer hazırda qaldıqları bu sığınacaqdır.