Qırğızıstan prezidentinin kiçik qızının alt paltarında körpəsini
əmizdirdiyi foto, əmizdirmə və seksuallıq ilə bağlı qalmaqala səbəb
olub.
Aprel ayında sosial mediada şəkil paylaşan Aliyə Şaqiyeva yazıb: "Mən körpəmi istədiyi yerdə və istədiyi vaxtda əmizdirəcəm"
Unikal.org xəbər verir ki, hərəkətinə ədəbsiz davranış damğası vurulduqdan sonra, paylaşımı silsə də, BBC-ə eksklüziv müsahibəsində o bildirib ki, qalmaqala səbəb qadın bədənini seksuallaşdıran mədəniyyətdir.
"Mənə verilən bədən vulqar deyil. O funksionaldır və körpənin ehtiyaclarını ödəmək üçündür," o, BBC Qırğızcaya deyib.
Aliyə Şaqiyeva deyib ki, qalmaqala səbəb qadın bədənin seksuallaşdırılmasıdır.
Onun hərəkətindən narazı qalan təkcə sosial media istifadəçiləri
olmayıb. Valideynləri, prezident Almazbek Atambayev və xanımı Raisə də
bunu bəyənməyiblər.
"Bu onların xoşuna gəlmədi. Və bu tamamilə anlaşılandır, çünki, gənc
nəsillər valideynlərindən daha az mühafizəkar olur," Qırğızıstanın
paytaxtı Bişkek ətrafında yerləşən evində müsahibə verən xanım Şaqiyeva
deyib.
Xanım Şaqiyeva sosial medianın aktiv istifadəçisidir. Öz sənət əsərləri
və özünün, həyat yoldaşı və övladının da şəkilləri daxil olmaqla
tez-tez paylaşımlar edir. Onun şəkilləri adətən geniş açılan mənzərələr
fonunda çəkilir.
Xanım Şaqiyevanın şəkillərinin əksəriyyəti Qırğızıstan mənzərələri fonunda çəkilir.
Əmizdirmə təkrarlanan mövzudur.
"Mən körpəmi əmizdirərkən onun üçün edə bildiyim ən yaxşı şeyi etdiyimi
düşünürəm. Övladımın qayğısına qalmaq və onun ehtiyaclarını ödəmək,
insanların haqqımda dedikləri sözlərdən daha vacibdir," xanım Şaqiyeva
deyib.
Aliyə Şaqiyeva kimdir?
Mən onunla Bişkekin kənarında yerləşən nüfuzlu bir kvartaldakı əri və oğlu ilə yaşadığı mənzilində görüşdüm.
Onun rəsm və fotoları divarları bəzəyirdi və cütlük mənə meyvə və bitki
çayı təklif etdi. Bitkiləri pəncərəaltına düzülmüş dibçəklərdə görmək
olurdu. Cütlük vegetariandır. Bu isə ətyeyən ölkə üçün nadir bir haldır.
Post-Sovet müsəlman cəmiyyəti haqda Aliyə Şaqiyeva tamamilə fərqli
düşünür. O, kifayət qədər səmimi təsir bağışladı və məşğul valideynlərin
övladı kimi uşaqlıqda hiss etdiyi tənhalığı bölüşməkdən çəkinmədi.
O, nəsillər arası boşluqdan söz açdı və valideynlərini anlamaq və güzəştə getmək üçün etdiyi cəhdlərdən danışdı.
"Anamın 'dostları' ona mənimlə bağlı ismarışlar yollayıblar," o dedi.
"İndi özüm də anayam və anamın mənim üçün çəkdiyi əziyyətləri anlaya bilirəm."
Aliyə, Daun sindromlu uşaqlar və heyvan haqları ilə bağlı kampaniyaları aktiv dəstəkləyir və heç bir siyasi ambisiyası yoxdur.
Qırğızıstan əhalisinin keçmiş iki prezidentin övladlarının siyasət və
biznes meylləri ilə bağlı xatirələri az deyil. Lakin, hazırkı prezident
övladlarının siyasətə qarışmayacağı vədini verib.
Aliyə Şaqiyeva rəssamlıq və fotoqrafiya ilə məşğul olur. Qırğızıstan
əsasən müsəlmanlardan ibarət keçmiş Sovet ölkəsidir. Sosial olaraq
mühafizəkar cəmiyyətdə, ictimaiyyət arasında uşaq əmizdirmək normal hal
sayılır.
Qadınları parklar və digər ictimai yerlərdə körpələrinə süd verərkən
görmək mümkündür, amma, onlar adətən sinələri üzərinə örtük atırlar.
Xanım Şaqiyeva ilk dəfə övladını əmizdirən şəkil paylaşdıqda, bəzi
sosial media istifadəçiləri bu qədər intim bir anı paylaşmağı xoş
qarşılamamış, bəziləri isə onu ədəbsizlikdə qınamışdı.
Bu şəkillər Qırğızıstan sərhədlərindən kənarda da diqqətə səbəb olub və
Avropaya qədər bir çox ölkələrin qəzet və saytlarında dərc olunub.
Əksəriyyət onun tabuları qıraraq etdiyi bu hərəkəti təqdirə layiq bilib.
Əmizdirmək sualı bir çox ölkələrdə ictimai müzakirələrə səbəb olub və
olmaqda davam edir. Üç il öncə Londonun Claridges Hotelində övladını
əmizdirən anadan sinəsini örtməsi istənmişdi və hadisə, Britaniyada
qalmaqal yaratmışdı.
May ayında Avstraliya parlamentində övladını əmizdirən keçmiş senator Larissa Waters də tarixə düşüb.
BBC-n müxtəlif dilli xidmətləri Aliyə Şaqiyevadan müsahibə aldıqdan
sonra, müsəlman ölkələrində əmizdirmənin müxtəlif mədəniyyətləri də üzə
çıxıb.
İranlı qadınlar ictimai yerlərdə övladlarını əmizdirərkən yaşadıqları stressdən yazıblar.
"İnsanların gözü mənə dikilir, ya nə iləsə özümü örtməli, ya da uşağımı ac qoymalıyam," Tehrandan bir ana göndərib.
Bəziləri isə Tehran metrosunda yenicə yaradılan ana və körpə otaqlarını tərifləyiblər.
Tehran metro stansiyasının bir işçisi stansiyadakı ana və körpə otağının şəkilini yollayıb
Kabuldan olan əfqanıstanlı Zərifə Qafari, öz ailəsindəki hadisələri
bölüşüb. O deyib ki, analar övladlarını əmizdirmək üçün başqa otaqlara
keçməli olurlar.
"Onlar bunu başqalarının qarşısında edə bilməzlər. Əks halda, ailənin
yaşlı üzvlərinin kəskin reaksiyası ilə üzləşirlər. Bu böyük bir
problemdir, amma, yavaş-yavaş mədəniyyət dəyişir."
Naqin adlı başqa bir əfqanıstanlı qadın, baldızı ilə bazarlıqda yaşadığı hadisədən söz açıb.
"O, övladını dükanda əmizdirə bilsin deyə biz oradan bazarlıq etməli olduq. O, oturdu və üzərinə böyük bir şərf atdı."
Bir türkiyəli Facebook istifadəçisi isə bildirib ki, övladını əmizdirərkən üzərini örtməyə özü üstünlük verir.
"Mən bunu insanların gözünə soxmaq istəmirəm. Örtükdən istifadə edirəm.
Döşlərə seksuallıq əlaməti kimi baxan insanların sayı hələ də çoxdur."
Toronto universitetinin qadınlar və cinsiyyət üzrə eksperti Victoria
Təhmasibi belə bir tweet paylaşıb: "Kapitalist nöqteyi-nəzərindən
seksuallaşdırılan qadın döşlərinə, qazanc yeri kimi baxmaq olar. İctimai
yerlərdə uşaq əmizdirmək qadının döşlərini daha az seksual göstərir,
buna görə də düşüncə qəbuledilməzdir."
Aliyə Şaqiyeva isə valideynlərinin narahatçılığından sonra, şəkili
hesabından silib. Valideynləri bunun onun "gənc ailəsinə xələl
gətirəcəyindən" nigaran olublar.
Ancaq, bu onun fikrini dəyişmədiyi kimi müzakirələri də səngitməyib.