Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Mərkəzi Bankdan unikal.org-a verilən xəbərə görə, makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. 

Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirmiş və iqtisadiyyata pul təklifini artırmışdır. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınmışdır:

İqtisadi aktivlik. 

Real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası bərpa meyillərinin davam etdiyini nümayiş etdirir. Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1.7%-lik iqtisadi artım qeydə alınmışdır. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3.7%, o cümlədən qeyri-neft sənayesində 5.4%, kənd təsərrüfatında 2.2% təşkil etmişdir. Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni zamanda ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir.

Xarici balans və məzənnə. Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5%, o cümlədən qeyri-neft ixracı 27.9% artmış, idxal isə 15.7% azalmışdır. Xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları artmışdır.

Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili yaradır.

Monetar şərait. 

Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olmuşdur. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artmışdır. Bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin, ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.

Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilmişdir.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil etmişdir. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişmişdir.

Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.

2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcəkdir.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.