Dünən Bakı şəhərinin Sabunçu rayonunda - Heydər Əliyev prospektinin keçmiş "Komsomol" dairəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, "QAZ 31 10" markalı minik avtomobili ilə "Mercedes" markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində hadisə yerində vəfat edən şəxsin 1936-cı il təvəllüdlü Astanov Hacıağa Abdulla oğlu olması müəyyənləşib. "QAZ 31 10"un sükanı arxasında olan 81 yaşlı kişi avtomobil yanmağa başlamazdan əvvəl yaxınlıqdakı şəxslər tərəfindən nəqliyyat vasitəsinin salonundan çıxarılıb. Lakin hadisə yerinə gələn həkimlər onun artıq vəfat etdiyini müəyyənləşdiriblər.
Qeyd edək ki, qəza nəticəsində 15 və 33 yaşlı daha iki nəfər xəsarət alıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb.