"Bizim üçün sadə və yaxşı oyun oldu. Kiçik addımlarla irəliləmək baxımından önəmli matç idi.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Hertanın baş məşqçisi Pal Dardai deyib.
Dünən yoxlama görüşündə "Neftçi ilə qarşılaşan Bundesliqa təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Oyunla bağlı Almaniya mətbuatına danışan Dardai komandasının çıxışından razı qalıb.
Maraqlıdı ki, 41 yaşlı mütəxəssis oyunçularından daha çox qol gözləyib: "İndiki vəziyyətdə bu matçı keçirmək önəmli idi. Komandamdan razı qaldım. Ancaq fikrimcə, daha çox qol vurmalı idik. Bir və ikitoxunuşlu ötürmələr futbolçularda yaxşı alınırdı. Xüsusən, ilk yarım saatda səliqəli oynadıq. Futbolçularımız topu itirən kimi, dərhal pressinq tətbiq edirdilər. Şənbə günü "Qalatasarayla keçiriləcək yoxlama görüşündə də bu tempin davamını gətirməyə çalışacağıq.
Dardai ikinci qolun müəllifi olan mərkəz müdafiəçisi Sebastyan Lankampla bağlı xüsusi danışıb. O, ucaboy oyunçudan çox şey gözlədiyini etiraf edib: "Lankampla matçdan əvvəl söhbətim oldu. Ona standart vəziyyətlər zamanı irəli çıxmağı tapşırmışdım. Sevinirəm ki, Lankamp müdafiədə etibarlı oynamaqla yanaşı, rəqib qapısı qarşısında da təhlükəli ola bilirdi. Əlinə düşən bir qol imkanından da maksimum yararlandı. Ondan yeni mövsümdə çox şey gözləyirəm.
Qeyd edək ki, "Herta Almaniya Bundesliqasında ötən mövsümü 6-cı pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb.