Dünyada minlərlə cavan min bir arzu-dilək ilə bir damın altında yaşamaq üçün müştərək həyata qədəm qoyaraq ailə qurur. Adətən müştərək həyata qədəm qoyan cütlər üçün evliliyin ilk vaxtları şirin və cəlbedici olur. Lakin zaman keçdikcə bu cütlərdən bir çoxları müştərək həyatda problemlərlə üzləşməyə başlayır. Onların vaxtında həll olunmaması və qarşısının alınmaması bir gün bu problemlərin bir çiban kimi partlamasına və ağrı-acıya səbəb olmasına gətirib çıxarır. Bəzən problemlər o qədər qarışıq olur ki, evliliyin davamlılığını təhlükəyə atır və hətta həyat yoldaşının xəyanətinə qədər də gətirib çıxarır.
Unikal.org muselman.az-a istinadən bildirir ki, "xəyanət" elə bir ifadədir ki, bu sözü duymaq belə insanların qəlbində qorxu yaradır. Yükü elə ağırdır ki, kimsə onu qaldırmağa qadir deyil.
Bəli, həqiqətən də "xəyanət" qadın-kişi tanımır. Müştərək həyatda baş qaldırıb şölələndisə, yaşı da, qurunu da yandırır və ailə təməlini məhv edir.
Yaxşı bəs, görəsən xəyanət nədir?
Xəyanət, iki tərəf arasında bağlanmış qarşılıqlı sövdələşmənin heçə sayılması və ayaq altına alınmasıdır. Bu sövdələşmə də qarşı tərəfin xəbəri olmadan ləğv edilir.
Adətən qadın-kişi münasibətlərində isə xəyanət, evlilik öncəsi qadın və kişi arasında bağlanmış nigah sövdələşməsi və bir-birlərinə verdikləri əhdə müvafiq olmayan, ailə çərçivəsini aşan rəftar formasıdır.
Adətən ailə həyatı quran cütlər bir-birləri ilə sadiqlik və vəfadarlıq əhdi bağlayırlar və ömrlərinin sonuna qədər bir yerdə olacaqlarını qeyd edirlər. Bu sadiqlik və vəfadarlıq hər hansısa bir vastə ilə aradan getsə, artıq xəyanət baş vermişdir.
Müştərək ailə həyatında isə xəyanət ifadəsi cütlərdən birinin ailə çərçivəsindən kənar əks cinslə münasibət qurması anlamını daşıyır.
Xəyanət ailə binasını alt-üst edir. Hətta həyat yoldaşının bu xəyanətdən xəbərdar olmadığı şəraitdə belə xəyanət öz dağıdıcı təsirini qoyur. Çünki xəyanətkar tərəf verdiyi sözü, vəfadarlıq və sadiqlik əhdini ayaq altına aldığını bilir. Xəyanətkar fərdlərin öz işlərinə min bir dəlil və bəhanə gətirmələrinə baxmayaraq bu dəlillər onun dağıdıcı təsirini azaltmır.