Avqust ayından "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq.
"Bakı Metropoliteni QSC-dən unikal.org-a verilən məlumata görə, yeganə yerüstü stansiya olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb.
Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.
Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq.
Qeyd edək ki, Bakı metropoliteni istifadəyə verilərkən, belə bir stansiyanın tikintisi ilkin planda nəzərə alınmamışdı. Ötən əsrin yetmişinci illərində həmin ətrafda keçmiş SSRİ-nin ilk kondisioner zavodunun istismara verilməsi, həmçinin "Bakıelektroterm" QB-də çalışan insanların rahatlığının nəzərə alınması, eləcə də ətrafda yeni sənaye obyektlərinin meydana gəlməsi depo ərazisində ikinci sərnişin platformasının inşa olunması zərurətini yaradıb.
"Depo" adlandırılmış ilk belə kiçik bir platforma 1970-ci il sentyabrın 25-də istifadəyə verilib. 1979-cu ildə isə həmin platforma indiki birplatformalı stansiya görkəmini və statusunu aldı. "Elektrozavod" adlandırılan stansiyanın martın 28-də keçirilən rəsmi açılış mərasimində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, dövlət və hökumət nümayəndələri iştirak etmişdilər. 1992-ci ildə stansiyanın adı dəyişdirilərək, "Bakmil" qoyulub.
38 ildir istifadədə olan "Bakmil" stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub.