Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Unikal.org-a verdiyi məlumata görə, Malay-Yevlax mənzilində 8 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.
Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 328 km dəmir yolu əsaslı təmir olunub.