Yol polisi ölkədə keçirilən "Təmiz hava" aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə "Təmiz hava" aylığı keçirilir: "Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər. Ola bilər ki, özləri də bilmədən avtomobillərinin ixrac etdiyi dəm qazı normadan artıq olsun. Sürücülər əlavə cərimə olunmamaları, ətraf mühitin və insanların sağlamlığının qorunması üçün avtomobillərinin havaya buraxdığı dəm qazının normasını yoxlatdırsınlar. Əgər nasazlıq varsa, aradan qaldırsınlar".
Qeyd edək ki, avqust ayının 1-dən 31-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.
Məqsəd atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsinin və havanın avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.