Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu Baş nazirin müavini, "Qaçqınkomun sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen avtomobilinin avqustun 3-də qəza törətməsi nəticəsində 2 nəfər Türkiyə vətəndaşının yaralanması məsələsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Türkiyə XİN rəsmisi H.Müftüoğlu "Ölkə.Az-a açıqlamasında deyib ki, sözügedən hadisədə Türkiyə vətəndaşlarının da həlak olması və yaralanması ilə bağlı Səfirliyə məlumat verilib:
"Adətən, xarici ölkələrdə baş verən avtomobil qəzaları nəticəsində həlak olan və ya yaralanan Türkiyə vətəndaşları ilə bağlı müvafiq diplomatik nümayəndəliklər məlumat öyrənir. Azərbaycan da hüquqi dövlətdir. Biz bu hadisə ilə bağlı da Azərbaycan dövlətinin ədalətli qərar verəcəyinə əminik. Biz Azərbaycan məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq.
H.Müftüoğlu qeyd edib ki, sözügedən hadisə Azərbaycan-Türkiyə münasibətlərində heç bir mənfi təsir göstərə bilməz:
"Dünyanın bir çox ölkələrində baş verən avtomobil və digər qəzalarda Türkiyə vətəndaşları həlak olurlar. Bu hadisələrin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması da həmin ölkələrin daxili işləridir. Azərbaycanın qanunvericilik orqanlarına, o cümlədən məhkəmələrinə inamımız sonsuz olduğu üçün qəzada həlak olan və ya yaralananlarla bağlı da ədalətli addımlar atacağına əminik. İnanırıq ki, qardaş Azərbaycan dövləti qəzada yaralanan Türkiyə vətəndaşları ilə bağlı təqsirli şəxslərin cəzalandırılmasını layiqli şəkildə yerinə yetirəcək. Buna heç bir şübhəmiz yoxdur.
Xatırladaq ki, avqustun 3-də axşam saat 21.20 radələrində Bakının Heydər Əliyev prospektində vətəndaş Nail Allahverdiyevə məxsus olan, "Mercedes Gelandawagen markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində əvvəlcə VAZ 2115 markalı avtomobillə toqquşub, daha sonra idarəetmədən çıxaraq ikinci dərəcəli yola çıxıb, orada yol kənarında dayanan piyadaları da vurub və maneəyə dəyərək alışıb.
Qəza zamanı avtomobilin vurduğu piyadalardan Vaqif Əsədov adlı vətəndaş hadisə yerində həlak olub, digər iki piyada-Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş müxtəlif dərəcədə bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Habelə qəza zamanı avtomobildə olan Mehdi Əliyev adlı şəxs hadisə yerində həlak olub.