Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.
Prezidentin bu fərmanı işsizlik sığortası ilə bağlı nəyi dəyişəcək?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Unikal.org-a bildirib ki, bu qanunun qəbul olunması bir sıra dəyişikliklərə gətirib çıxarmalıdır:
"Bu, sıradan bir qanun deyil. Bununla bağlı müvafiq qanunvericilik aktlarında dəyişiklik olmalıdır. İşsizlik müavinətinin idarə olunması ilə bağlı xüsusi fond yaradılacaq. Nazirlər Kabineti işsizlikdən müavinət almağa iddialı olan şəxslərin müraciət qaydalarını müəyyən edəcək və ərizə forması təsdiq olunacaq.
Yeni yaradılacaq fondun vəsaitlərinin hansı mənbələr hesabına formalaşacağına gəlincə, S.Məmmədov deyib ki, qanunun tətbiqi ilə işəgötürənin və işçinin DSMF-yə ödədikləri məbləğin hər biri yarım faiz artacaq və fond bu vəsait hesabına formalaşacaq: "Sosial Sığorta haqqında qanuna görə, işəgötürən hər bir işçini icbarı sığorta etdirir, yəni, onun əmək haqqının 25 faizi miqdarında DSMF-yə vəsait köçürür. Onun 22 faizi işəgötürənin, 3 faizi işçinin hesabınadır. Yeni qanunun tətbiqi ilə həmin göstəricilər yarım faiz artaraq 22.5 faiz və 3.5 faiz olacaq. Artan 1 faiz rəqəm təxminən 80-85 milyon manat vəsait təşkil edəcək. Bu vəsait yeni yaradılacaq fondda toplanacaq. Həmin vəsitin bir hissəsi müəssisənin bağlanması və ya ştatların ləğvi nəticəsində işini itirən şəxslərə veriləcək, amma o haldakı onlar müəyyən olunan müddət ərzində işsiz kimi qeydə alınsınlar və müvafiq layiqli məşğulluqla təmin oluna bilməsinlər.Təssüf ki, müavinət alacaq şəxslərin dairəsi məhduddur və hər işi olmayan və işaxtaran şəxs bu müavinətə iddia edə bilməyəcək. O cümlədən mülki-hüquqi müqavilə ilə müəyyən işlər görənlər və xidmətlər yerinə yetirənlər. Həmin fondun vəsitlərinin bir hissəsi də işaxtaranların peşəyönümünün dəyişdirilməsinə yönələcək".