"Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Abxaziyaya gedərək yerli separatçıların lideri ilə görüşdü, separatçı bölgəyə maliyyə dəstəyini artıracağını və başqa vədlər verdi. Putin bununla ikiqat təxribata yol verdi. Birincisi, Abxaziyaya səfər edən Putin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını bir daha təsdiqləmiş oldu, bunun üçün xüsusi açıqlamaya da ehtiyac yoxdur, elə separatçı bölgəyə getmək istənilən açıqlamanı əvəzi edir".
Unikal.org bildirir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq ELxan Şahinoğlu deyib. O, qeyd edib ki, Putin səfəri məhz avqustun 8-ə təyin etməklə Rusiya-Gürcüstan müharibəsinə və Gürcüstan torpaqlarının rəsmən işğalının 9 illiyinə işarə etdi: "Putin Ukraynadan qopartdığı Krımda da olub. Bircə Moldovanın separatçı bölgəsi - Dnestrdə olmayıb. Ancaq böyük ehtimalla bir gün qərbpəsərt hökumətə malik Moldovanı qıcıqlandırmaq üçün ora da gedəcək. Şübhə etmirəm ki, erməni separatçılarının ən böyük arzusu bir gün İrəvana gələn Putini bir neçə saatlıq da olsa Dağlıq Qarabağa gətirməkdir...".