Çin Amerikaya məxsus hərbi gəminin Cənub Çin dənizindəki mübahisəli
Spratli adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin
suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə ÇİN XİN-nin məlumatında bildirilir.
"Amerikanın "Con Makkeyn esminesi Çin hökumətinin razılığı olmadan Nanşa (Spratli) adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb, - deyə XİN-nin bəyanatında bildirilir.
Qeyd edək ki, bu gün ABŞ-ın "Con Makkeyn hərbi gəmisi Çinin Cənubi Çin dənizində öz maraq zonası saydığı mübahisəli adaların 12 mil (22 km) yaxınlığından keçib.
ABŞ komandanlığından bildiriblər ki, əməliyyat azad gəmiçiliyin təmin edilməsi məqsədilə keçirilib.
Qeyd edək ki, Cənubi Çin dənizindəki bir sıra adalara Çin, Filippin, Malayziya, Bruney və Vyetnam iddia edir. ABŞ Çinin mövqeyinə qarşı çıxır və bu mübahisədə digər ölkələri dəstəkləyir.