Xəzər rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Unikal.org-un xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.
Belə ki, avqustun 4-də paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Ağayev İlham Şahin oğlunun idarə etdiyi "Opel Vectra markalı 10-UR-883 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Hüseynova Təranə Hüseyn qızını vuraraq ona bədən xəsarətləri yetirməsi və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində İlham Ağayev avqustun 9-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
İ.Ağayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.