Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.