Azərbaycanda iki bələdiyyə sədri cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Belə ki, cari ilin iyul və avqust ayları ərzində birgə keçirilən belə tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Onlara tətbiq olunan cərimələrin məbləği 37.150 manat təşkil edib.
Ümumilikdə isə ilin əvvəlindən bu günədək məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 79.610 manatdan artıq cərimələr tətbiq olunub.
Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.