Satışda məktəbli formalarını hazırlayan Bakı Tikiş Evinin xəbəri olmadan onun etiketləri yapışdırılan və keyfiyyətsiz geyimlər peyda olub.

Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, qurumun satış şöbəsinin müdiri Etibar Əzimov bildirir ki, tikiş evində hazırlanan geyimlərin parçası Türkiyədən gətirilir və həmin parça avropa standartlarının tələblərinə tam cavab verir. Ancaq saxta formaların parçasının mənşəyi bəlli deyil.

Saxta məktəbli formalarının çatışmazlıqları bununla da bitmir.

Etibar Əzimov bildirir ki, əgər valideynlər aldanmaq və uşaqlarında hansısa dəri xəstəliklərinin yaranmasını istəmirlərsə məktəbli formalarını ancaq Bakı Tikiş Evinin satış məntəqələrindən əldə etsinlər.

Etibar Əzimovun dediyinə görə saxta məktəbli formaları əsasən Sədərək, Binə ticarət mərkəzlərində, Sumqayıtda və 8-ci kilometr bazarında satılır. Xalqlar Dostluğu metrostansiyasına yaxın ticarət obyektlərindən birində elə Bakı Tikiş Evinə məxsus olmayan məktəbli formaları ilə qarşılaşdıq. Satıcı deyir ki, o geyimin mənşəyini bilmir. Ancaq ucuz olduğu üçün vətəndaşların marağı böyükdür.

Bakı Tikiş Evi onun adından və fərqlənmə nişanlarından istifadə edərək məhsul satan və gətirən şəxslər barəsində tədbir görülməsi üçün aidiyyatı qurumlar və hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquqşünaslar isə bildirir ki, əgər məsələ ilə bağlı Bakı Tikiş Evi məhkəməyə müraciət edərsə saxta geyim hazırlayan və satan şəxslərdən 110 manatdan 55 min manata qədər miqdarda kompensasiya tələb edə bilər. Bundan əlavə məhkəmə bu saxta məhsulları hazırlayan avadanlıqların və satışa çıxarılan saxta geyimlərin müsadirə olunması haqqında qərar da verə bilər.