Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 23 iyun tarixində ailəsinə xəbər vermədən "Zəfəran Hospital"da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib.
Unikal.org xəbər verir ki, Leyla Oruclunun ölümü ilə əlaqədar anası Sevinc Alpman ölkə.az-la əlaqə saxlayıb. O, xəstəxana və həkimləri ittiham edən müsahibə verib.
Həmin müsahibəni təqdim edir:
- Leylanın analizlərinin nəticələrini haradan əldə etdiniz?
- Leylanın analiz nəticələrini onun telefonundan tapmışam. "Zəfəran Hospital"ın həkimlərinə dedim ki, mənim qızımı analiz etmisiniz? Orada mənə bildirdilər ki, analiz etməyiblər, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından alınmış analizin nəticələrinə görə əməliyyat ediblər. Biz də saytınızda çıxan xəbərdən sonra bildik ki, analizin nəticələrinə görə Leyla əməliyyat ola bilməzmiş.
- Bir ay əvvəllki analizlə qızınızı əməliyyat ediblər?
- Bəli. Özləri analiz etməyiblər.
- Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Leylanı əməliyyata almayıb. Oradakı həkimlərlə görüşmüsünüz?
- Analizi aparan həkimin adı Könül Sarıyevadır. Könül xanım yerində yox idi. Bundan əlavə Mübariz həkim də əməliyyat etməkdən boyun qaçırdıb.
- Nə vaxt bildiniz ki, qızınız xəstəxanadadır?
- Qızım komada olan zaman mənə məlumat verdilər. İyunun 23-də Leyla işə getmək adı ilə evdən çıxıb. Gün ərzində çox zəng etdim, zənglərimə cavab vermədi. İyunun 24-də gecə anestezoloq Pərviz Əhmədov zəng edərək mənə xəbər verdi.
- Xəstəxanaya nə vaxt getdiniz?
- Pərviz Əhmədov mənə dedi ki, istəyirsiniz sabah gəlin. Mən isə elə həmin dəqiqə evdən çıxıb "Zəfəran Hospital"a getdim. O dəqiqə məni qızımı görməyə qoymadılar. Səhərə yaxın, saat 05 radələrində qalxdım yuxarı, Leylanı koma vəziyyətində gördüm. Süni nəfəs aparatına qoşmuşdular.
- Leyla nə vaxt dünyasını dəyişdi?
- Leylanı 2 gün süni nəfəs aparatında saxladılar. Müddəti uzadırdılar ki, Leyla əməliyyatdan sonra iki gün yaşayıb. Bütün bədən göm-göy olmuşdu. İyunun 25-i səhər saat 11 radələrində dedilər ki, Leyla dünyasını dəyişdi.
- Leylanın ölümündən sonra həkimlərlə görüşdünüz?
- Bir gün sonra "Zəfəran Hospital"ın baş həkimi Firdovsi, direktor Nəriman, əməliyyatı edən həkim Siruz Qoçxani və anestezoloq Pərviz Əhmədovla görüşdüm.
- Nə dedilər?
- Hamısı başın salmışdı aşağıya. Heç bir şey demirdilər. Reanimasiya həkimi orada dedi ki, bu Siruz Qoçxani ilə Pərviz Əhmədovun günahıdır. Prokurorluqdan tələb etdim ki, bu məsələni tam araşdırsınlar. Əməliyyatda disk olur, məni heç nə ilə tanış etməyiblər. Leyla iyunun 25-də saat 11-də öldü, elə həmin dəqiqə də baş həkim Firdovsi məni otağına çağırıb ölüm səbəbi kimi piy embaliyası yazdı. Həkim piy embaliyasını haradan gördü? Ekispertiza aparılmadan bunu necə gördü? Qızımın qanını qurtarmışdılar. Sizə analizin nəticələrini göstərim, orada yazılıb ki, MCV (Ertirositlərin orta həcmi) 66 olub. Bu isə qadınlarda 80-101 arasında olmalıdır. Bundan əlavə qızım əməliyyat zamanı menustrasiya dövrünü yaşayırmış. Bir yandan əməliyyatda qan azlığı, bir yandan qan itkisi, bir yandan da mensutrasiya dövrü... Belə bir vəziyyətdə əməliyyat etmək olmazdı. Pərviz Əhmədov mətbuata açıqlamasında bildirib ki, Mərkəzi Klinika bizi qanla təmin edib. Əgər Mərkəzi Klinika qanla təmin edirdisə niyə görə mənə deyirdilər ki, qan elanına çıx, qan axtar? Leylanın sosial şəbəkədəki adresindən elan yazmışdım, tanıyıb, tanımadığımız adamlar gəlmişdi qan verməyə. Ancaq bu boş şey idi. Artıq qızımı məhv etmişdilər. Ayın 24-ü gecə saat 23-24 radələri arasında Elxan həkimi gətirdilər. O da baxdı, heç nə demədən çıxıb getdi.
Mərkəzi Tibbi Ekspertizada Ədalət və Ceyhun var, onlardan narazıyam. Onlar külli miqdarda pul yedilər. Klinikadan pul alıb onlara sərf edəcək formada rəy yazdılar.
- Qızınızın əməliyyata getməsinə səbəb nə olub?
- Sosial şəbəkələrdə şəkillərinə, "paltar əynində yaxşı durmur", "bəzi hissələrində artıqlar var"- yazılanda mənə deyirdi ki, mənə niyə elə yazırlar? Bu deyilənlər psixoloji cəhətdən qızımı əməliyyata getməyə məcbur edib. Qızım arıq və sağlam idi. Psixoloji cəhətdən qızım zəif olub ki, belə bir addım atıb.
- Əməliyyatla bağlı heç xəbəriniz olmayıb?
- Xeyr! Həkimlərə dedim ki, niyə valideyinlərinə xəbər vermədiniz ki, qızınız əməliyyat olunacaq? Mənə dedilər ki, 18 yaşı tamam olub, öz qərarıdır. Necə olur qızım komaya düşəndə valideyin axtarırlar, əməliyyata girəndə yox? Çünki onlara insan yox, qızımın əlindəki 2000 manat maraqlı olub. Soruşdum ki, qızıma demişdiniz ki, bu əməliyyatda ölə bilərsən? Dedilər, demişdik. Deyirəm sübut edin, yazılı bir şey göstərin, video görüntü göstərin. Heç biri yoxdur. Qızımdan 2000 manat pul alıblar, ancaq qəbz yoxdur. 2000 manata görə qızımı öldürdülər...
Sonda isə Sevinc Alpman Siruz Qoçxaninin həqiqi həkim olub-olmamasını redaksiyamızdan araşdırmağı xahiş edib.