Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istrinadən xəbər verir ki, bu gün rayonun Atakişili kəndində Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi "Volva" markalı yük maşını 1958-ci il təvəllüdlü Vahid Tofiq oğlu Mehdiyevin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Qətibə Mehbalı qızı Mehdiyeva hadisə yerində ölüb. Sürücü V. Mehdiyev və digər sərnişinlər - Bakı şəhər sakinləri, 1984-cü il təvəllüdlü Elza Vahid qızı Qədirzadə, 2004-cü il təvəllüdlü Züleyxa Əbülfəz qızı Qədirzadə və 2002-ci il təvəllüdlü Abbas Əbülfəz oğlu Qədirzadə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.