Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.
Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" restoranında baş verib.
Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə təşkilatçının narazılığına səbəb olub.
N. Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.
Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
"Heç kimlə dalaşmamışam. Qarşı tərəf məlumatı başqa cür yayıb. Sadəcə mən şou proqramda çıxış edən zaman hadisə baş verib. .
Unikal.org bildirir ki, bu sözləri "Qafqazinfoya açıqlamasında müğənni İzzət Bağırov deyib. Sənətçi dünən "Neolit"restoranında baş verən davada köməkçisinin də zədə aldığını deyib:
"Köməkçim dalaşan şəxslərin arasında qalmışdı, onu da vurublar, zədə alıb. Elə yazıblar ki, guya mən bunu etdirmişəm. 27 ildir ki, səhnədəyəm. Hələ yanımda cangüdən gəzdirməmişəm. Məni hamı tanıyır. Uzaqbaşı yanımda bir işçim olub. Yayıblar ki, cangüdənim adam vurub.
Tutaq ki, mühafizəçim olub, mənim üstümə kimsə cumsa qorumayacaq? Bir daha deyirəm, hadisə mən oxuyan vaxtı baş verib, hər şey də üstümdə qalıb. Qonaqlar arasında bir-birini eşitmirdilər, içkili idilər. Heç kim bir-birinə qulaq asmaq istəmirdi. Aləm birdən-birə qarışdı. Məsələni polis araşdırır. Daha sonra vəkilim dəqiq məlumat yayacaq.