Ləki qəsəbəsindəki baytarlıq aptekinin sahibi Seymur Seyinov Ağdaşda 41 baş iri buynuzlu heyvanın aptekdə satılan dərmandan zəhərlənərək ölməsinə münasibət bildirib.
Unikal.org bildirir ki, S. Seyinov apa-nın yerli bürosuna bildirib ki, zəhərlənməyə səbəb olduğu iddia edilən həmin biastol məhlulu İordaniya istehsalıdır.
"Heyvandarlıqla məşğul olan insanlara indiyədək həmin dərmandan çox satmışam və heç kim şikayət etməyib. Bu dərmandan təlimata uyğun olmayaraq istifadə etdikdə fəsadlar verə bilər. Mən biastol alan şəxslərə həmişə məsləhət görürəm ki, heyvanların bədənindəki gənələri öldürmək üçün istifadə olunan bu zəhərli məhlulu suya çox tökməsinlər, yəni bu dərmandozası çox olanda zəhərlənməyə səbəb olur. Dərmanlama işləri səhər saatlarında mal-qara tövlədən çıxandan bir saat sonra açıq havada aparılmalıdır. Qapalı şəraitdə bu dərmanla dezinfeksiya işlərinin aparılması zəhərlənməyə səbəb olur. Ola bilsin ki, vətəndaşlar bu vacib tələblərə əməl etməyib və ona görə də onların heyvanları tələf olub.
xxx
Ağdaş rayonunda mal-qara arasında kütləvi şəkildə tələfat baş verib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb.
Kənd sakinləri Hüseynov Pərviz Əli oğlu, Hüseynov Elşən Əli oğlu, Yusifov Orxan Rafiq oğlu və Hüseynov Əli Yusif oğlu fərdi təsərrüfatlarında bəslədikləri iri buynuzlu heyvanları gənəyə qarşı biastol məhlulu ilə dezinfeksiya ediblər və inəklər 15-20 dəqiqə sonra kütləvi şəkildə zəhərlənərək ölüb. Hadisə zamanı 38 baş inək və 3 baş buzov tələf olub. Kənd sakinləri biastol məhlulunu Ləki qəsəbəsindəki baytarlıq aptekindən 16 manata aldıqlarını bildiriblər. Baytar həkimlər ölən mal-qaraya baxış keçiriblər və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığını bildiriblər. Hazırda ölmüş heyvanlar kəndin ortasında qalıb. Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini bildiriblər. Heyvan sahibləri biastol dərmanını tərifləyib satan aptek tərəfindən onlara dəyən maddi ziyanın ödənilməsini tələb edirlər. Faktla bağlı araşdırma aparılır.