Xəbər verdiyimiz kimi artıq bir neçə gündür Qəbələ və Oğuzda meşə yanğınları davam edir. Yanğının söndürülməsi üçün FHN-nin və digər aidiyyatı qurumların əməkdaşları ərazidə yanğının söndürülməsi ilə bağlı iş aparır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov Unikal.org-a verdiyi məlumata görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz Meşəbəyliyinin 3 Saylı Meşə Zonasında bu gün səhər yanğın söndürülüb: "İlkin hesablamalara görə, 130 hektar meşə zolağı yanıb.
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda Qəbələdə 70 faiz ərazidə yanğın nəzarətə götürülüb: "Dünən ərazidə FHN-nin bir helikopteri yanğının söndürülməsinə cəlb olunub. Bu gün isə hələlik havaya helikopter qaldırılmayıb. Küləyin sürətli, tüstülənmənin böyük həcmi olması helikopterin nhərəkətinə maneəçilik törədir. Hazırda bizim nazirliyin 350 nəfər əməkdaşı yanğının söndürülməsi üçün səfərbər olunub. Əraziyə cığır açılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 ağır texnikası işləyir. Yanğının söndürülməsi üçün camaat da kömək edir.