İçərisinə qurudulmuş marixuana yığılan çanta qoca anasının əlinə keçməsin deyə onu daha etibarlı yerdə - "Botanika bağı"nda gizlətmək qərarına gəlib. Amma mənzil başına yetişməyib. Yolu yarıya çatar-çatmaz polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 48 yaşlı Taləddin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, prosesə Mirzə Xankişiyev sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Taləddin Məmmədov külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı iki hissəyə bölərək əl çantasına yığıb. Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı T.Məmmədovun çantasına və üzərinə baxış keçirilib. Çantanın içərisindən 4840 qram, gödəkçəsinin cibindən isə 16,7 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Taləddin Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və quldurluq əməlləri törətdiyinə görə məhkumluq həyatı yaşayan T.Məmmədov ifadəsində sonuncu dəfə 2013-cü ildə azadlığa buraxıldığını, dörd-beş ildir ki, vərəm xəstəliyindən əziyyət çəkdiyini göstərib: "Azadlığa buraxıldıqdan sonra yenidən narkotikdən istifadə etməyə başladım. Heç yerdə işləmirdim deyə, narkotik ala bilmirdim. Həbs olunmamışdan dörd-beş ay əvvəl ata-baba yurdum Xızıya qonaq getmişdim. Orada olarkən meşə massivində qarşıma yabanı şəkildə bitən altı-yeddi çətənə kolu çıxdı. Ertəsi gün evdən özümlə iki ədəd sellofan torba götürüb meşəyə gəldim. Çətənə kollarının yarpaqlarını torbaya yığdım".
T.Məmmədov ifadəsində rayondan Bakıya qayıdarkən narkotik vasitəni də özü ilə gətirdiyini, yaşadığı Biləcəri qəsəbəsindəki fərdi yaşayış evində qurudub saxladığını göstərib: "Qoca anamla bir evdə yaşayıram. Rayondan gətirdiyim çətənə kolunun yarpaqlarını bir neçə gün həyətdə qurutduqdan sonra gündəlik istifadə etməyə başladım. Narkotikin anam tərəfindən aşkarlanacağından ehtiyat etdiyim üçün çantaya doldurub başqa yerdə gizlətmək qərarına gəldim. İçərisində marixuana olan çantanı "Botanika bağı" ərazisində kolluq bir yerdə gizlətməyi qərara aldım".
T.Məmmədov çantasında narkotik vasitə piyada "Botanika bağı"na doğru gedərkən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yaxınlığında bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və onlarla birlikdə Səbail Rayon Polis İdarəsinə getməyi təklif ediblər. Vəziyyəti başa düşən T.Məmmədov polislərə müqavimət göstərmədən onlarla birlikdə polis idarəsinə gəlib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və çantasına baxış keçirilib.
Məhkəmənin hökmü ilə T.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.