Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və onun çantası yoxlanılıb.
Yoxlama zamanaı çantada olan siqaret qutusunun içərisindəki 7 ədəd siqaretin tütünü boşaldılıb və tütünün arasında 7 həb qırıntısı aşkar edilib. Qırıntılar birləşdirildikdə isə onların üzərində "M 40" yazılmış cəmi 3 ədəd həbdən ibarət olduğu müəyyən edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan 7 həb qırıntısı sintetik narkotik vasitə - metadon dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.