"Alimlərin apardığı tədqiqatlar göstərib ki, yol-nəqliyyat hadisələrinin çoxu havanın həddindən artıq isti və ya soyuq olduğu vaxtlarda qeydə alınır. Çünki temperatur azalanda və ya çoxalanda bütün orqanların funksiyaları dəyişir və bu da hadisələrin baş verməsinə səbəb olur. Yağışlı, dumanlı havada isə belə hallar daha az qeydə alınır".
Unikal.org-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, atmosfer təzyiqinin dəyişməsi insana, onun xüsusilə sinir sisteminə mənfi təsir göstərir: "Sağlam insanlar bununla mübarizə aparır, zəif insanlar isə buna dözə bilmirlər, onlarda diskomfort yaranır".
Y.Qurbanov bildirib ki, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə, bəzən 9 dəfə dəyişir: "Orqanizm buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır. Belə halda ürək fəaliyyətini 7-8 dəfə dəyişir. Bəzən anidən burunda ifrazat, qıcıqlanma yaranır, asqırma baş verir. İnsanlar bilməlidirlər ki, belə hal xəstəlik deyil. Bu, orqanizmin zəifliyi, müqavimət göstərə bilməməsidir. Əlbəttə ki, sadaladığım əlamətlər bəzi xəstəliklərin əlamətidir. Amma insanlar bilməlidirlər ki, belə hallar həm də atmosfer təzyiqinin dəyişməsi ilə əlaqədar olur. Yaxud bəzən görürsən ki, atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır və nəticədə ağçiyər sıxılır və təngnəfəslik artır. Əksər hallarda əhali bunu bilmir".
Y.Qurbanov deyib ki, bəzən infarkt, insult keçirən insanlar dincəlmək üçün yaşadıqları ərazidən uzaq yerə gedirlər: "Amma bilmək lazımdır ki, infarkt, insult keçirən insanların infarkt, insultun keçirildiyi bölgədən uzaq yerə getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəfildən yüksələ bilər və təhlükə yarana bilər".