Kanadalı mütəxəssislər 7320 nəfərin iştirakı ilə tədqiqat apararaq, ayaqüstə və oturaq vəziyyətdə işləməyin insan orqanizminə təsirini araşdırıblar. İştirakçılar işdə həftədə, ən azı, 15 saat oturaq vəziyyətdə və ya ayaq üstə olublar, yaxud da həm oturaq, həm də ayaq üstə çalışıblar. Alimlərin aradıqları müşahidələr 12 il davam edib. Tədqiqatın başlanmasına qədər iştirakçılardan heç biri ürək xəstəliyindən əziyyət çəkməyib.
Unikal.org azertag-a istinadən xəbər verir ki, tədqiqatçılar ayaq üstə işləyənlərin ürək xəstəliklərinə oturaq işdəkilərdən iki dəfə çox ürcah olduqlarını aşkar ediblər. Alimlər, həmçinin, aydınlaşdırıblar ki, işdə həm oturaq, həm də ayaqüstə olan kişilərdə ürək xəstəlikləri sadəcə oturaq vəziyyətdə işləyən kişilərdən 39 faiz çoxdur. Qadınlarda isə həmin göstərici daha yüksək - 80 faiz həddinə çatır.
Mütəxəssislər nəticələrə təsir göstərən amilləri də nəzərə alıblar. Onların qənaətinə görə, ayaq üstə olanda qan ayaqlara doğru axır və ürəyin yükü artır. Buna görə də uzun müddət ayaq üstə qalmaq ürək xəstəlikləri riskini artırır. Həmin vəziyyət, həmçinin, beldə problemlərin yaranmasına və hətta uşaqsalmaya da səbəb ola bilər. Ekspertlər tövsiyə edirlər ki, iş gününü ayaq üstə keçirənlər arada mütləq əyləşməyə də imkan tapsınlar.