Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.

FHN-dən Unikal.org-a verilən xəbərdə bildirilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində "Opel və "Subaru markalı iki minik avtomobilin toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri "Opel markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

xxx

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Prado markalı avtomobil idarəetməni itirərək "Subaru markalı maşına dəyib.

"Subaru yoldan çıxaraq yolun əks tərəfində hərəkətdə olan "Opel markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Opeldə olan şəxslərdən ikisi dünyasını dəyişib. Daha iki nəfər isə xəsarət alıb.

Qeyd edək ki, "Subaru markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

O, qəza nəticəsində yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri "Salamnews" yayıb. Həmin xəbərdə bildirilirmişdi ki, qəzada ölənlərdən biri də Q.Rəhimovun oğludur.