Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun dünən qapatdığı "26 adlı ("Twenty Six) kafesi ilə bağlı qalmaqala münasibət bildirib.
Unikal.org-un məlumatına görə, məşhur yazıçı həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyatı olmadığını vurğulayıb.
Çingiz Abdullayev özünün "Facebook səhifəsində qeyd edib ki, Yazıçılar Birliyinin rəhbərliyindən heç kimin "26 kafesinə aidiyyatı yoxdur.
"Şadlıq evi və ya restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər. 26 rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir!.
Ç.Abdullayevin sözlərinə görə, cümə axşamı günü tarixçilərdən biri həmin rəqəmə irad tutub və bir gün sonra restoranın sahibinə təklif edilib ki, "26 adını dəyişsin. O da razılaşıb.
"Kafe sahibi bildirib ki, onun maşınının nömrəsi də "26 ilə bitir və bu tarix özünün ad günü ilə bağlıdır. Lakin həmin rəqəm əgər açılışdan illər keçdikdən sonra bu cür mənfi assosiasiya doğurubsa, adı dəyişmək ən yaxşı çıxış yoludur.
Çingiz Abdullayev məsələnin qalmaqal səviyyəsinə çatdırılmasından narazılıq edib:
"Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar? Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?.
Yazıçılar Birliyinin katibi onu da əlavə edib ki, artıq İsraildə, Amerikada, Rusiyada camaat bu olaya gülür.
"Ayın 26-da anadan olanlara tarixi dəyişməyi, maşınlarda, avtobuslarda 26 rəqəmini dəyişməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa aludə olaram!,-deyə o, bildirib.