Lənkəran rayonunun Haftoni qəsəbəsindəki istixanalardan birində güclü yanğın baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Məmmədov Elşən Dəmir oğluna məxsus istixana təsərrüfatına aid tikilidə baş verən yanğın partlayış səsləri ilə müşayiət olunub.
Yerli sakinlərin sözlərinə görə, ərazidə iki gün əvvəl də yanğın olub, lakin qarşısı alınıb. Bu gün yanğın daha güclü şəkildə yenidən başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hisssəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
FHN-in məlumatına görə, hadisə zamanı ümumi sahəsi 200 m² olan anbarda çəlləklər və taxta taralar yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.