Prezident İlham Əliyev "Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydasının və "www.azexport.az internet portalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.
Unikal.org-un məlumatına görə, "www.azexport.az internet portalının (bundan sonra - Portal) operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, "Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında məlumat mübadiləsinin aparılması ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb üç ay müddətində prezidentə təqdim etsin, informasiya sistemlərinin Portala inteqrasiyası üçün texniki tələbləri üç ay müddətində təsdiq edib prezidentə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün, portalın saxlanma xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində prezidentə təqdim etsin, Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
Müəyyən edilib ki, Əsasnamədə nəzərdə tutulan sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycanda istehsal olunan mallara verilir, ixracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyır, sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir, sərbəst satış sertifikatı Azərbaycan və ingilis dillərində olmaqla, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.
Daxili İşlər Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə razılaşdırmaqla, Əsasnamənin tələblərinə uyğun olaraq, portalın fəaliyyətini təmin edəcək hüdudlarda onun "Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya olunmasını dörd ay müddətində təmin edib prezidentə məlumat verməlidir.
Bundan başqa, özlərinə məxsus informasiya sistemləri vasitəsilə portalda informasiya mübadiləsində iştirak edən orqanlar informasiya sistemlərinin həmin portala inteqrasiya olunmasını təmin edib, görülmüş işlərin nəticəsi barədə prezidentə məlumat verməlidir.