Yunan-Roma güləşi üzrə London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Emin Əhmədovun idmanla vidalaşdığı deyilir. İddiaya görə, güləşçimiz karyerasında da dəyişiklik edib. Onun idmanı buraxaraq başqa işlə məşğul olduğu bildirilir. Belə ki, Emin Əhmədov dövlət orqanlarının birində işə düzəlib.
Məsələ ilə bağlı olimpiya müküfatçımızın özü ilə əlaqə saxladıq. Unikal.org-a danışan güləşçi ciddi müalicə aldığını bildirib:
"Güləşçi karyeramı bitirməmişəm. Məşqlərimi davam edirəm. Zədəmə görə bir müddət məşqlərə fasilə verdim. Düzdür, başqa idmanda özümü sınayıram. Belə ki, özüm üçün qolfla məşğul oluram. Məşqlərdən sonra gedib qolf oynayıram. Tam sağaldıqdan sonra yenidən güləş üzrə yarışlara qatılacağam. Belimi tamamilə müalicə edə bilmirdim. İndi tam müalicəyə başlamışam. Hazırda sadəcə hər gün aktiv məşqlərə qatılıram.
31 yaşlı idmançı müalicəsinin nə vaxt bitəcəyindən də danışıb:
"Düzünü deyim ki, əməliyyat olunmaq istəmirəm. Buna görə də bərpa müddəti uzun çəkir. Müalicəmin bitəcəyi günün dəqiq zamanı da bəlli deyil.
Aygün İlqarqızı