Bakının Zabrat qəsəbəsinin bir qrup sakini etiraz aksiyasına hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən "Zabrat" kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib.
Sakinlərin sözlərinə görə, bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin "102" xidmətinə, həmçinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etsələr də, nəticəsi olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında məsələnin araşdırılacağını bildirib: "Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin yeni rəhbərliyi tərəfindən sakinləri narahat edən həmin məsələ araşdırılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək".