Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ABŞ-da vəfat edən görkəmli azərbaycanlı alim Lütfi Zadənin nəşinin Bakıya nə vaxt gətiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Unikal.org-un xəbərinə görə, H.Abutalıbov "Ölkə.Az-a açıqlamasında deyib ki, hazırda bu istiqamətdə lazımı işlər görülür:
"Lütfi Zadənin nəşinin nə vaxt Azərbaycana gətiriləcəyi barədə hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq bu istiqamətdə lazımı işlər görülür. Lütfi Zadənin nəşi Azərbaycana gətirilən kimi hər şey ən yüksək səviyyədə həll olunacaq. Mərhumun məzar yeri də I Fəxri Xiyabanda tam hazırdır. İndi Lütfi Zadənin qohumu da yanımdadır. Mərhumun ölümü ilə bağlı sənədi gətirib. Hazırda həmin sənədlərlə tanış oluram.
H.Abutalıbov Bakının Xaqani küçəsində yerləşən "26 - "Twenty six adlı kafenin bağlanılması ilə əlaqədar ona qarşı səsləndirilən ittihamlara cavab vermək istəməyib:
"İndi bu barədə danışmaq istəmirəm. Xahiş edirəm ki, bunu nəzərə alın.
Xatırladaq ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.