Egey dənizində itkin düşən azərbaycanlı dənizçilərdən xəbər var.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bu barədə həmin şəxslərin yaxınları bildirib.
İtkin düşən Fərid Əliyevin qardaşı Zaur Əliyevin sözlərinə görə, ötən gün gecə saatlarında onlara məlumat verilib ki, "Kalkanlar 1" gəmisi Liviyadadır və gəmidəki azərbaycanlı dənizçilər sağ-salamatdır.
"Gəmi Liviya limanlarından birindədir. "Kalkanlar 1"-in heyəti isə həbs edilib", - deyə Zaur Əliyev bildirdi.
Svetlana ana isə oğlunun sağ olduğuna ümidini heç vaxt itirmədiyini bildirib.
"Hər gecə onu yuxuda görürdüm. Ürəyim çox rahat idi", - deyə dənizçinin anası fikirlərini bölüşüb. İtkin düşən həmyerlilərimizin yaxınları tələb edir ki, dənizçiləri həbsdən azad edib Azərbaycana gətirsinlər.
Dənizçilərin həbsdə olduqlarını isə Türkiyədə yaşayan və vaxtilə özü də Liviyada əsir düşən Mustafa adlı bir türk vətəndaşı xəbər verib.
"Biz onları Liviyada tapmışıq və yerlərini də dəqiq söyləyirik. Tələb edirik ki, bu işə baxılsın və onlar azad edilsin. Mustafa adlı şəxs deyir ki, mənə bir diplomat göndərin o, diplomat mənimlə gedib danışıqlar aparsın. Çünki onlar elə-belə adamla danışmaq istəmir", - deyə dənizçi N. Salamovun bacısı Səbinə Balaban bildirib.
Xarici İşlər Nazirliyinin rəsmisi isə deyir ki, məsələ nazirliyin diqqətindədir. Müvafiq hüquq mühafizə orqanları, interpol və digər beynəlxalq təsisatların xətti ilə axtarışların davam etdirilməsi gözlənilir.
"Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili yenidən Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılıb. Və bu məslənin Liviya hökumətindən araşdırılması üçün bir daha xahiş edilib", - deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət hacıyev bildirib.