Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə oğlu Əlihüseyn Salahzadənin həbs olunması ilə bağlı açıqlama verib. O, oğlunun həbsində Baş prokuror Zakir Qaralovu günahlandırıb.
Sabiq deputatın Baş prokuror haqqında səsləndirdiyi fikirlərlə bağlı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Unikal.org-a açıqlama verib. O, Hacı Qalibin dediklərini məntiqsiz, həqiqətə uyğun olmayan fikirlər hesab edib:
"Mən Qalib Salahzadənin məlum açıqlamasını oxudum. O, hər zaman məntiqə uyğun oldu-olmadı, nə düşünübsə, onu da danışıb. Əvvəla, sən kimsən ki, ölkənin Baş prokuroru səninlə düşmənçilik aparsın? Sabunçudakı torpaqların alınması ilə bağlı səslənən ittihamlar absurddur. Zakir müəllim Baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ hallar tamamilə aradan qaldırılıb. Kadrların yerləşdirilməsində, istintaqın keyfiyyətində, prokurorluq orqanlası əməkdaşlarının davranış qaydalarında əsaslı şəkildə dəyişiklik olub. Baş prokurorun hansısa sıravi bir adamla ədavət aparması gülüncdür. Xatırlayırsınızsa, Salahzadə demişdir ki, 500 nəfəri həccə göndərib. Mən də açıqlamamamda bildirdim ki, bu həqiqətə uyğun deyil. Bu adamların birini 2 min dollardan hesablasaq bir milyon pul edir. Ondansa, savadlı gənclərimiz var, imthan veriblər, ali məktəbdə oxumaq üçün imkanları yoxdur, onlara yardım etmək lazımdır.
Hesab edirəm ki, Q.Salahzadənin bu açıqlaması da həmin mənasız bəyanatlardan biridir. Hər dəfə o belə açıqlamalar verməklə özünə yaxın olan adamlar üçün də başıucalığı gətirməyən hallara rəvac vermiş olur. Düşünürəm ki, bunlar Qalib Salahzadənin həmişə dediyi məntiqsiz, həqiqətə söykənməyən, özünün fərziyyəsinə uyğun fikirlərdəndir.
Ç.Qənizadə vaxtilə "Zəfəran Zavxozuna məxsus torpaqların taleyinin araşdırılmasının vacib olduğunu da qeyd edib:
"Q.Salahzadənin açıqlamasını oxuyan hər bir vətəndaş hesab edir ki, Azərbaycan kimi bir dövlətin baş prokurorunun sıravi bir adamla düşmənçilik aparması gülüncdür. Hacı Qalib o qədər də əməli saleh adam deyil. Mən onun bu dediklərini savadsız, mənasız, heç bir əsası olmayan, özünə qarşı mənfi fikrin formalaşmasına xidmət edən sözlər kimi qəbul edirəm.
Zakir müəllimin necə təmiz və saf kadr olmasını təkcə prokurorluq orqanlarının əməkdaşları deyil, bütün cəmiyyət bilir. Bu adam haqqında indiyə qədər bir dənə də olsun neqativ ifadə, fikir səslənməyib. Bir nəfərin sərsəm fikirləri onun nüfuzuna kölgə sala bilməz. Deyilənlər bu açıqlamanı verənin özünün imicinə qarşı fikirlərin formalaşmasına xidmət edir.
Mən çox istərdim ki, həm Baş Prokurorluq, həm də digər qurumlar səviyyəsində Sabunçu ərazisində yerləşdən vaxtilə "Zəfəran Zavxozu olan torpaqların taleyi araşdırılsın. Çox güman ki,onların böyük hissəsi Qalibin özündə olacaq. Qalanlarının da taleyi araşdırılsa, yaxşı olar.
Həsən Babayev